Gəncənin Sadıllı və Cavadxan qəsəbələrində ATS binalarının inşa olunması nəzərdə tutulub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Yeni ATS binalarının inşasına bu ildən başlanılması nəzərdə tutulub. Artıq binaların layihəsi hazırlanıb və təsdiq olunub. Sadıllı qəsəbəsində inşa olunacaq ATS 1536, Cavadxan qəsəbəsində inşa olunacaq ATS isə 2048 nömrəyə malik olacaq”, – deyə Gəncə Telekommunikasiya İdarəsinin baş mühəndisi İsrail Məmmədov bildirib.
Onun sözlərinə görə, tikilən ATS-lərdə quraşdırılacaq müasir avadanlıqların köməyi ilə yüksək keyfiyyətli televiziya, internet və telefon rabitəsinin verilməsi mümkün olacaq.
Ötən il Gəncədə Natəvan qəsəbəsində 106, Məhsəti qəsəbəsində 358, Şeyxzamanlı qəsəbəsində isə 486 nömrə tumuna malik ATS binaları tikilərək sakinlərin ixtiyarına verilib.
Hazırda Gəncədə 12 ATS fəaliyyət göstərir. Bu ATS-lər 67 min nömrə tutumuna malikdir. Ümumilikdə isə Gəncədə 56 min abonent var.