“Abşeron” rəsm qalereyasında “Yaponiya müsabiqəsinin qalibləri” mövzusunda sərgi açılıb. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Sərgidə üç yeniyetmə rəssamın – Cavidan Əhmədovun, Məhəmməd İsmayılovun və Nərgiz Əmiraslanovanın əsərləri nümayiş olunur. Burada sərgilənən 57 əsər qrafik kompozisiyalardan və qismən də yağlı boya ilə işlənmiş tablolardan ibarətdir.
Cavidan Əhmədov sənətsevərlərin diqqətinə 22 rəsm və tablosunu təqdim edib. Onun yeni kompozisiyaları (“Nuhun gəmisi”, “Kənd mənzərəsi”, “İki nəfər”, “Bakı haqqında nəğmə”) yaradıcılıq qabiliyyətinin artmasından xəbər verir. Gənc rəssam son vaxtlar milli miniatür sənətimizə maraq göstərir və müvafiq üslubda cəlbedici kompozisiyalar yaradır. Elə bu kompozisiyalardan biri Yaponiyadakı beynəlxalq müsabiqədə münsiflər heyətinin diqqətini cəlb edib və müəllifinə 15 yaş kateqoriyası üzrə birincilik qazandırıb.
Sərgidə Məhəmməd İsmayılovun “İrəvan qalası”, “İçərişəhər”, “Gil qablar və meyvələrlə natürmort”, “Şüşə qablarla natürmort” rəsmləri də təqdim olunub.
Bundan başqa, 8 yaşlı Nərgiz Əmiraslanovanın “Tovuzquşu”, “Bahar əhval-ruhiyyəsi”, “Bayquş”, “Vazada meyvələr” rəsmləri maraqla qarşılanıb.
Sərgi fevralın 3-nə qədər davam edəcək.