Bakının Yasamal rayon Məhkəməsinin qərarı ilə iri məbləğdə vergi ödəməkdən yayınmaqda ittiham olunan Beyləqan rayon sakini Nadir Ağayev həbs olunub. Bu barədə Vergilər Nazirliyinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən araşdırılan çoxepizodlu cinayət işi zamanı sübuta yetirilib ki, N.Ağayev 2009-2011-ci illər ərzində “Kvant-L”, “Təsərrüfat-İnventar Topdansatış”, “Kaspian”, “Baykal-N”, “İntellekt-2011”, “Berkut-2012” və digər müəssisələrin direktoru vəzifəsində işləyərkən vergiləri dövlət büdcəsindən yayındırıb. O, 1 mln. 792 min 679 manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən yayınıb.
Bundan başqa, müəyyən olunub ki, N.Ağayev xüsusi razılıq (lisenziya) almadan tikinti-quraşdırma işlərinin aparılması işləri ilə məşğul olaraq 150,913 min manat məbləğində gəlir əldə edib.
Yasamal rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş N.Ağayev təqsirini boynuna alıb.