Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Yardımlı rayonunda sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir.
SKMF Yardımlı rayonunda 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatının, arıçılıq təsərrüfatlarının, o cümlədən sənaye üsulu ilə bal istehsalı müəssisəsinin və meyvə emalı müəssisəsinin yaradılması üzrə layihələrin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.
“Yardımlı rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2013-cü ildə fondun xətti ilə sahibkarlara 275 mln. manat məbləğində güzəştli kredit verilib.