Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində TAİEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) proqramının dəstəyi ilə “Hüquqi şəxslərin cinayət məsuliyyəti” mövzusunda tədbir keçirilib. Bu barədə cümə axşamı respublika prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.
Belçika Krallığının Birinci instansiya məhkəməsinin və Böyük Britaniya Kral Prokurorluğunun Şotlandiya üzrə Ağır və Mütəşəkkil cinayətkarlıqla mübarizə ofisinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə korrupsiya və rüşvətxorluq cinayətlərinin transmilli aspektləri, bu kateqoriyadan olan cinayətlərlə mübarizə sahəsində həmin ölkələrin təcrübəsi və bu sahədə qanunvericiliyin tətbiqi xüsusiyyətləri, hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasının hüquqi və praktiki tərəfləri müzakirə olunub.
Tədbir iştirakçılarına son illər ərzində Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər və Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər barədə məlumat verilib.