Yaponiya hökuməti Saatlı rayonunun Kamallı kəndində su kəməri sisteminin tikintisini maliyyələşdirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Yaponiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Su kəmərinin tikintisinə dair saziş Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi və “Davamlı İnkişafa doğru” İctimai Birliyinin sədri Namiq Heydərov arasında imzalanıb.
Layihə Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində həyata keçiriləcək. Layihənin dəyəri $121 min təşkil edir.
Bu, qeyd olunan proqram çərçivəsində Saatlı rayonunda reallaşdırılan dördüncü layihədir.
Ümumilikdə Yaponiya hökuməti Azərbaycanda təhsil, mədəniyyət, səhiyyə, kənd təsərrüfatı və ekologiya sahəsində $14,700,215 mln. məbləğində 178 layihə həyata keçirib.