Cümə axşamı Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələrinin komandan heyətinə yeni avtomobillərin təqdim edilməsi və Daxili Qoşunların Naxçıvan Alayında zabit-gizir ailələri üçün yeni xidməti yaşayış binasının açılış mərasimləri keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Tədbirlərdə iştirak edən Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov qeyd edib ki, “Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, İlham Əliyevin “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 18 dekabr 2013-cü il tarixli Fərmanına əsasən, 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılıb.
“Hazırda Əlahiddə Ümumqoşun Ordusunda xidmətin nümunəvi təşkili və maddi-texniki bazanın gücləndirilməsi sahəsində ardıcıl tədbirlər görülür”, - deyə V.Talıbov Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələrinin komandan heyətinə 15 ədəd “Mitsubishi-PAJERO” və 10 ədəd “UAZ” markalı xidməti avtomobillərinin verilməsi mərasimində qeyd edib.
Onun sözlərinə görə, Əlahiddə Ümumqoşun Ordusu Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması və idarəetmənin vahid mərkəzdən təşkili məqsədilə yaradılıb.
“Ona görə də hərbi qulluqçular daim öz üzərlərində işləməli, öz vəzifə borclarını dərindən bilməli, silah və texnikalardan istifadə imkanlarını yaxşı mənimsəməlidirlər”,- deyə o vurğulayıb.
V.Talıbov hərbçilər üçün tikilmiş yeni üç mərtəbəli yaşayış binasının açılış mərasimində bildirib ki, ölkəmizdə insan amilinə yüksək qiymət verilir.
“Vətəndaşların sosial müdafiələrinin gücləndirilməsi, onların lazımi yaşayış şəraiti ilə təmin olunmaları diqqət mərkəzində saxlanılır”, - deyə o qeyd edib.
V.Talıbov hərbçiləri öz xidməti vəzifələrini layiqincə yerinə yetirməyə çağırıb.
Zabit ailələri üçün tikilmiş 12 mənzilli yaşayış binası 3 mərtəbədən ibarətdir.