29 yanvar 2014-cü il tarixinə olan məlumata görə, Nəqliyyat Nazirliyi Bakı şəhərində 40 marşrut xətti üzrə nəqliyyat kartlarının tətbiqini reallaşdırıb. Bu barədə nazirliyin məlumatında deyilir.
“Hazırda 40 marşrut xətti üzrə hərəkət edən 743 ədəd avtobusda plastik gediş kartlarının tətbiqinə başlanılıb. Həmin marşrutların nömrələri bunlardır:
1, 5, 6, 9, 10, 11, 13, 14, 15, 17, 18, 20, 24, 25, 26, 32, 37, 38, 40, 46, 49, 50, 51, 52, 53, 59, 61, 65, 67, 69, 79, 81, 82, 83, 85, 86, 88, 90, 95, 96.
“Avtobuslarda validatorların quraşdırılması prosesi davam etdirilir və yaxın vaxtlarda kart sisteminin tətbiq edildiyi avtobusların sayı daha da artırılacaq”,- deyə məlumatda qeyd olunur.
İctimai nəqliyyatda gediş haqqının kartla ödəniş sisteminin tətbiqi 2014-cü ilin sonuna qədər tamamilə başa çatdırılacaq.
Xəbər verildiyi kimi, kartlar «MasterCard» ödəniş sisteminin bazasında «Bank of Azerbaijan» ASC tərəfindən buraxılıb. Kartların satış qiyməti 3 manat təşkil edir. Bu məbləğin 2 manatını sığorta depoziti təşkil edir, 1 manatı isə balansa yüklənilir.
Kartlar Bakıda fəaliyyət göstərən 80 müasir köşkdə satılır. Kartları “Bank of Azerbaijan”ın filiallarından da əldə etmək olar.
Nəqliyyat kartının sınması və ya zədələnməsi zamanı, əgər kartda istifadə edilməmiş məbləğ qalıbsa, istifadəçi “Bank of Azerbaijan” ASC-nin satış nöqtələrinə müraciət etməklə (şəxsiyyət vəsiqəsini təqdim etmək vacibdir) yeni kart sifariş edə bilər və istifadə edilməmiş balansı yararsız kartdan yeni karta köçürdə bilər. Bu zaman istifadəçi 2 AZN həcmində sığorta depozitini yenidən ödəməlidir.
Nəqliyyat kartı adsız bank kartı olduğu üçün itirilmiş kartın balansının bərpası mümkün deyil. Kart itirildiyi halda balansın geri alınması və ya digər karta köçürülməsi üçün istifadəçidən adlı kartın alınması tələb olunur. Bunun üçün “Bank of Azerbaijan” ASC-nin satış nöqtələrinə şəxsiyyət vəsiqəsini təqdim etməklə kartı qeydiyyatdan keçirmək olar. Bankda qeydiyyatdan keçirilmiş kart itirildiyi zaman onu bloklaşdırmaq olar.