Yanvarın 29-da Rusiya İnformasiya Mədəniyyət Mərkəzində (RİMM) Rusiyada Mədəniyyət ilinin açılmasına həsr olunmuş gənclər gecəsi keçirilib. Bu barədə “İnterfaks-Azərbycan” agentliyinə RİMM-dən məlumat verilib.
Tədbirin təşkilatçısı RİMM nəzdində fəaliyyət göstərən “Sozvezdiye” yaradıcı gənclər klubudur.
Tədbir iştirakçılarına “Rusiya “Sozvezdiya”nın gözləri ilə” adlı sərgi təqdim edilib. Sərgidə gənc müəlliflər tərəfindən hazırlanmış rəsmlər, şəkillər, fotoşəkillər, heykəltaraşlıq əsərləri nümayiş etdirilib.
Bundan başqa, “Sozvezdiye”nin fəaliyyəti, onun respublika və beynəlxalq səviyyəli müxtəlif tədbirlərdə iştirakına həsr olunmuş qısametrajlı film nümayiş olunub.
Tədbir çərçivəsində gənc ifaçılar rus, Azərbaycan mahnı və rəqslərini, o cümlədən P.İ.Çaykovskinin əsərlərini ifa ediblər.
“Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov “Sozvezdiye” təşkilatının üzvlərinə və qonaqlara müraciət edərək qeyd edib ki, Rusiyada Mədəniyyət ili yalnız müxtəlif janrlarda peşəkarlığı əhatə etmir.
“Bu, bizim üçün daha geniş anlayışdır. Milli mədəniyyət və ənənələr də burada əsas yerlərdən birini tutur”,- deyə o vurğulayıb.
Tədbirin sonunda klubun ən fəal üzvlərinə “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin təşəkkür məktubu təqdim olunub.