Gəncədə universitetlərin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin köçürülməsi prosesinə başlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Məcburi köçkünlər Gəncə şəhərinin çıxışında 25 ha ərazidə salınan şəhərciyə köçürülür. Mənzillər püşkatma yolu ilə müəyyən edilib. İlk olaraq Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanalarında məskunlaşan şəxslər köçürülür”, - deyə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov bildirib.
Onun sözlərinə görə, şəhərciyin ərazisində 25 mərtəbəli bina yerləşir. Onlardan 150-si birotaqlı, 650-si ikiotaqlı, 550-si üçotaqlı,150-si isə dördotaqlı mənzillərdir.
“Gəncədə məskunlaşan bütün məcburi köçkünlər yeni mənzillərlə təmin ediləcək. Bunun üçün şəhər ərazisində 25 ha ərazi ayrılıb”, – deyə G.Fərhadov qeyd edib və əlavə edib ki, Xocalıdan olan və Hacıkənddə məskunlaşan köçkünlər üçün 600 fərdi evdən ibarət qəsəbədə tikinti işləri davam edir.