ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində gərginliklə əlaqədar narahatdır.
Azərbaycanın ANS telekanalına müsahibəsində diplomat bildirib ki, hazırda
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə danışıqlar prosesi çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünün keçirildiyi Parisdən qayıdıb.
“Hesab edirəm ki, nazirlər danışıqlara sadiqdirlər. Lakin, gördüyümüz kimi, son bir-iki həftə gərginlik artıb, atəşkəs rejimi pozulub. Ən çox baş verən hadisələrin sözlərlə üst-üstə düşməməsi təşviş doğurur”, - deyə C.Uorlik qeyd edib.
Həmsədr atəşkəs rejiminin pozulması və zorakılıq faktları ilə əlaqədar təəssüfləndiyini bildirib.
“Hər iki tərəf insan itkisi verir, bu isə bizim əldə etdiyimiz irəliləyişlərə zərbə vurur”, - deyə vasitəçi bildirib.
C.Uorlik Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təxmini tarixini bildirməyə çətinlik çəkib.
“Bu mənə məlum deyil. Gələn həftə mən həm Bakı, həm də İrəvana səfər edəcəyəm, hər iki ölkənin prezidentləri ilə görüşlər keçirəcəyəm. Ümid edirik ki, növbəti görüşün tarixi mümkün qədər tez müəyyən olunacaq. Məlum olduğu kimi, son görüş zamanı prezidentlər ən ağır məsələləri müzakirə edərək 90 dəqiqə üz-üzə söhbət ediblər. Biz işimizi bu nailiyyət üzərində qurmalıyıq”, - deyə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri vurğulayıb.
Danışıqlar prosesinin vasitəçilərinin ərazisinin 20%-nin, həmçinin Dağlıq Qarabağ ətrafında yeddi rayonun işğal altında olan Azərbaycandan hansı güzəştlərin gözlənildiyi barədə suala cavablandırarkən C.Uorlik bildirib ki, həmsədrlər bu məsələni həll etmirlər.
“Münaqişə tərəfləri irəliyə doğru aparan yol tapmalıdırlar. Biz ideya irəli sürürük, münaqişə tərəfləri ilə işləyirik, lakin əsas bizim istəklərimiz deyil, Ermənistan və Azərbaycabn xalqlarının arzusudur. İstənilən tərəfin radikal mövqeyi danışıqlara heç bir kömək etmir”, - deyə amerikalı diplomat qeyd edib.
Erməni lobbisinin səyləri nəticəsində ABŞ-ən bəzi ştatları tərəfindən Dağlıq Qarabağı müstəqil dövlət qismində tanınmasına dair qətnamələrin qəbulu ilə əlaqədar məsələni şərh edərkən C.Uorlik bəyan edib ki, rəsmi Vaşinqton bu mövqeyi dəstəkləmir.
“Bizdə mövcud olan sistemə əsasən, 50 ştat federal hakimiyyətdən müstəqil fəaliyyət həyata keçirir və istənilən qanunları qəbul edə bilərlər. Lakin bu ABŞ-ın dövlət siyasəti deyil. Heç kim unutmamalıdır ki, bizim dövlət siyasətimiz bundan fərqlənir”, - deyə həmsədr vurğulayıb.
Onun sözlərinə görə, yarı-ayrı ştatların yürütdüyü siyasət heç də hər zaman prezident başda olmaqla və Konqressin qırarları nəzərə alınmaqla ölkə hakimiyyəti tərəfindən formalaşan ABŞ-ın siyasətini əks etmirmir.
“ABŞ-ın siyasətini öyrənmək üçün Vaşinqtona müraciət etmək lazımdır”, - deyə C.Uorlik qeyd edib.