Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti sığorta agenti kimi fəaliyyət göstərmək üçün lisenziya almaqda maraqlı olan 17 nəfəri imtahana buraxıb. Bu barədə Xidmətin məlumatında bildirilir.
Maliyyə Nazirliyi fevralın 3-də sığorta agenti və sığorta bazarının peşəkar iştirakçılarının rəhbər işçiləri kimi fəaliyyət göstərmək məqsədilə lisenziya almaqda maraqlı olan şəxslərin attestasiyası üçün test imtahanı keçirəcək.
Bundan başqa, bazar ertəsi DSNX daha 4 nəfəri sığorta və təkrar sığorta təşkilatlarında rəhbər vəzifə tutmağa imkan verən attestasiyada iştirak etməyə buraxıb.
Test imtahanı “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları”na uyğun keçirilir. 100 sualdan ən azı 70 suala düzgün cavab verən şəxslər attestasiyadan keçir.
“Sığorta fəaliyyəti haqqında” qanunun 83.2.2-ci maddəsinə əsasən, sığorta agentlərinin fəaliyyəti lisenziyalaşdırılmalıdır. 2009-cu il martın 15-dən agent fəaliyyətini yalnız lisenziyalaşdırılmış fiziki şəxslər həyata keçirir.