“MilliKart” prossesinq mərkəzi, “Komtek” şirkəti və “Unibank” "MilliÖn" ödəniş terminallarında plastik kart qəbulu sistemini tətbiq edib. Bu barədə mərkəzin məlumatında deyilir.
“Gündəlik həyatımızda istifadə üçün banklar tərəfindən təklif olunan plastik kartlar kimi müasir xidmət bir çox vətəndaşlara nağd puldan istifadə etməyərək xidmət və malların problemsiz ödənilməsinə imkan verir. Plastik bank kartları ilə hesablaşma proseduru çox rahat və səmərəlidir. Bundan başqa, alıcı və istehlakçılar nağd pulun istifadəsindən irəli gələn risklərdən azaddırlar”, - deyə məlumatda bildirilir.
“Komtek Ltd” şirkəti ("MilliÖn"ün ticarət nişanı) 2008-ci ildə yaradılıb və Azərbaycanın elektron ödəniş sistemləri bazarında liderdir.
“MilliKart” MMC 2006-cı ilin iyul ayında Azərbaycanda fəaliyyət göstərən 18 bank tərəfindən təsis edilib. 2010-cu ildə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 10% payla mərkəzin səhmdarı olub. Hazırda mərkəzin nizamnamə kapitalı 5,5 mln. manata bərabərdir.
“MilliKart” klirinq xidmətləri və yerli banklar tərəfindən buraxılmış kredit və debet plastik kartları ilə digər əməliyyatlar həyata keçirir. Şirkət nağd və nağdsız əməliyyatların keyfiyyət və effektivliyini yaxşılaşdırmaq üçün münasib qiymətə geniş çeşiddə keyfiyyətli xidmətlərin təmin edilməsini diqqət mərkəzində saxlayır.