Ötən sutka ərzində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 1 minə yaxın müraciət daxil olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə stansiyanın baş həkimi Mürsəl Həmidov məlumat verib.
“Ümumilikdə 1 minə yaxın müraciət qəbul edilib. Onların 20-si çıxıqlar, əl-ayaq xəsarətləri ilə əlaqədar olub, bundan başqa, 13 dəm qazından zəhərlənmə faktı qeydə alınıb”, - deyə M.Həmidov bildirib.
Onun sözlərinə görə, bütün vətəndaşlara vaxtında tibbi yardım göstərilib.
“İki il bundan qabaq şaxtalı hava şəraiti ilə əlaqədar ölüm halları qeydə alınsa da, bu il belə hallar müşahidə edilməyib”, - deyə baş həkim söyləyib.
Qarlı hava şəraitində Bakıda təcili tibbi yardımın işinin təşkili barədə sualı cavablandıran M.Həmidov qeyd edib ki, çətinliklə gedilə bilən yerlərdə yaşayan xəstələrə baş çəkmək məqsədilə bu cür hava şəraiti üçün nəzərdə tutulmuş xüsusi texnika – təcili yardım karetalarından istifadə edilir.
“Hamıya yardım göstərilib. Yalnız bəzi hallarda 20 dəqiqəlik gecikmə olub”, - deyə o əlavə edib.