Bazar ertəsi Milli Məclis yaz sessiyasının ilk plenar iclasında Azərbaycan və Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsinə dair sazişi ratifikasiya edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verib.
Parlament, həmçinin Türkiyə, İsrail və Peru ilə bir sıra ikitərəfli sazişləri də təsdiq edib.
Belə ki, deputatlar Azərbaycanın Peru və İsrail hökumətləri ilə diplomatik, xidməti/xüsusi pasportlara malik olan vətəndaşların viza tələblərindən azad olunmalarına dair imzaladığı sazişləri səsvermə yolu ilə təsdiq ediblər.
Milli Məclis Azərbaycan və Türkiyə hökumətləri arasında təhlükəsizlik sahəsində əməkdaşlıq, qarşılıqlı əmək fəaliyyəti və birləşdirilmiş yük daşımalarına dair ikitərəfli sazişləri ratifikasiya edib.
Bundan başqa, plenar iclasda Avropa Şurasının "Terrorçuluğun qarşısının alınması haqqında" Konvensiya və "Beynəlxalq Telekommunikasiya Reqlamenti"nin təsdiq edilməsi barədə qanun layihələri qəbul edilib.
Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yeni tərkibi təsdiq edilib, parlamentin yaz sessiyasının qanunvericilik planı qəbul olunub.