Milli Məclisin deputatı Zahid Oruc sərhədyanı rayonlarda baş verən hadisələrin işıqlandırılması zamanı KİV əməkdaşları üçün ciddi məhdudiyyətlərin qoyulmasını zəruri hesab edir.
“Son günlərdə müxtəlif İnternet saytlarında sərhədyanı zonada yaranan gərginliklə əlaqədar şəkillər və videoçarxlar yerləşdirilib”, - deyə Z.Oruc bazar ertəsi Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında bəyan edib.
O, sərhədyanı zonada baş verən hadisələrin işıqlandırılması zamanı jurnalistlər üçün texniki yeniliklərin istifadəsi ilə bağlı ciddi məhdudiyyətlərin tətbiqinə dair təkliflə çıxış edib.
“Son zamanlar parlamentdə və bir sıra digər dövlət strukturlarında planşet, smartfon, yəni “ağıllı telefon sistemləri” casus kommunikasiya elementləri hesab olunaraq onların istifadəsinə qadağa qoyulub. Biz anladıq ki, bunlar yalnız audio və videoötürücülər deyil, casus silahına çevrilə bilər”, - deyə Z.Oruc vurğulayıb.
Onun sözlərinə görə, bu məsələləri qanunvericilik müstəvisində tənzimləmək lazımdır.
“KİV əməkdaşlarının sərhədyanı zonada çəkilişlər aparmaq üçün həmin cihazlardan istifadə etmələrinə icazə vermək olmaz. Kimsə deyə bilər ki, bu gün bir neçə saniyə ərzində peyk aparaturasından istifadə etməklə coğrafi koordinatları müəyyən etmək mümkündür. Bu, səhv fikirdir. Hərbi xarakterli məxfi məlumata aid məsələlərdə olduğu kimi, bu məsələdə də KİV əməkdaşları barəsində ciddi məhdudiyyətlər tətbiq etmək lazımdır”, - deyə parlament üzvü qeyd edib.
Onun sözlərinə görə, son günlərdə sərhəd zonasında Ermənistan tərəfindən atəşkəs rejiminin kütləvi şəkildə pozulmasının onlarla səbəbi var.
“Bu addımlar həmin zonada əhalinin təsərrüfatına ziyan vurmaq, onları köçməyə məcbur etmək məqsədilə atılır”, - deyə Z.Oruc bildirib.