Milli Məclisin deputatı Qənirə Paşayeva hesab edir ki, sağlam insanların orqan və toxumalarının pasiyentlərə transplantasiya üçün istifadəsi praktikasından imtina etmək lazımdır.
“Baxmayaraq ki, 10 il əvvəl Azərbaycanda “ İnsan orqanlarının transplantasiyası haqqında” qanun qəbul edilib, bu qanunvericilik aktının böyük hissəsi bu gün işləmir”, - deyə Q.Paşayeva Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında bildirib.
O qeyd edib ki, parlament ciddi şəkildə bu məsələyə qarışmalıdır.
“Bu gün Azərbaycanda baş verənlərə diqqət yetirək. Bir qayda olaraq kiməsə ciyər və ya böyrək köçürülməsi lazımdırsa, mütləq yaxın qohumlardan biri öz orqanını və ya onun bir hissəsini xəstəyə verməlidir. Nəticədə sağlam insanların həyatı təhlükə altında qalır”,- deyə Q.Paşayeva söyləyib.
Onun sözlərinə görə, dünyada bu cür metoddan istifadə olunur, lakin Azərbaycan inkişaf etmiş dövlətlərin təcrübəsindən istifadə etməlidir, bu dövlətlərdə transplantasiya üçün ölən insanların orqanlarından istifadə olunur.
“Bu orqanların və toxumaların transplantasiyası insan ölməzdən əvvəl ondan və ya onun qohumlarından alınmış razılıq əsasında həyata keçirilir. Sağlam insanların orqanlarından istifadə olunması düzgün addım deyil, başqa metodlara üstünlük vermək lazımdır”, - deyə o qeyd edib.