İcbari Sığorta Bürosunun üzvü olan sığorta şirkətləri 2014-cü ilin yanvar ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 3,7 mln. manat məbləğində sığorta haqqı əldə ediblər. Bu barədə İSB-nin məlumatında bildirilir.
“İSB üzvlərinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqları 2013-cü ilin yanvar ayı ilə müqayisədə 4,7% artıb”, - deyə məlumatda qeyd olunur.
2014-cü ilin yanvar ayında 50,844 min avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub. Bunların 16,7 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib (sığorta müqaviləsi 1 ay müddətinə bağlanır – İF-Az).
“Bu ilin yanvar ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə bağlanan müqavilələrin sayı ötən ilin yanvar ayı ilə müqayisədə 3,3% artıb”, - deyə məlumatda qeyd edilir.
Cari ilin yanvar ayında orta sığorta haqqı 74,4 manat təşkil edib.
Xəbər verildiyi kimi, 2011-ci il dekabrın 16-dan Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislərin yeni tarif və şərtlərlə satışına başlanılıb.
Xüsusilə 50 manat məbləğində baza tarifi müəyyən olunub və mühərrikin həcmi 1500 kubsantimetrə qədər olan avtonəqliyyat vasitələrinə tətbiq olunur. Mühərrikin həcmi artdıqca 1,5-5 əmsalları tətbiq olunur. Mühərrikin həcmi 5 min kubsantimetrdən çox olan avtonəqliyyat vasitələri üçün 5 əmsalı tətbiq olunur, yəni sığorta tarifi 250 manat təşkil edir.
Sərnişindaşıma ilə məşğul olan avtobus və mikroavtobuslar üçün sığorta tarifi hesablananda əmsallar onların sərnişin yerlərinin sayından asılıdır. Belə ki, 9-16 sərnişin yerinə görə 3, 16-dan artıq yerə görə 4 əmsalı tətbiq edilir.
Yük avtomobillərində əmsal yükgötürmə qabiliyyətindən asılı olaraq 3-dən 5-ə qədər təşkil edir.
Motosiklet, traktor və digər kənd təssərrüfatı texnikası üçün əmsal 1-ə bərabərdir
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əmlaka dəymiş ziyana görə sığorta məbləği 5 min manat, sağlamlığa vurulan zərərə görə 5 min manat (bir nəfərə görə), bir sığorta hadisəsinə görə ümumi limit 50 min manat təşkil edir. Beləliklə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişin maksimum məbləği 55 min manat təşkil edə bilər.
İcbari Sığorta Bürosu “Sığortanın icbari növləri haqqında” qanun çərçivəsində yaradılıb. 12 sığorta şirkəti İSB-nin üzvüdür.
2013-cü ildə İSB üzvlərinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə haqları 69 mln. 376,501 min manat təşkil edib.