Milli Məclisin deputatı Elmira Axundova tikilən, təmir edilən və sökülən binalarda təhlükəsizlik qaydalarının pozulmasına görə tikinti şirkətlərinin rəhbərlərinə qarşı sanksiyaların sərtləşdirilməsinin tərəfdarıdır.
“Bu günlərdə Heydər Əliyev prospektində sökülən binanın təhlükəsizlik qaydalarına əməl edilməməsinə görə uçması nəticəsində iki nəfər faciəli şəkildə həyatını itirdi”,- deyə E.Axundova bazar ertəsi Milli Məclisin yaz sessiyasının birinci plenar iclasında bildirib.
Deputat qeyd edib ki, o, dəfələrlə tikinti və söküntü işləri ilə məşğul olan təşkilatlar tərəfindən təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyi məsələsini qaldırıb.
“Bu cür hadisələr həm orada çalışan fəhlələrin həyatını təhlükə altına atır, həm də qonşuluqda yaşayan insanlara və ətraf mühitə ziyan vurur”, - deyə o bildirib.
Onun sözlərinə görə, təhlükəsizlik qaydalarına əməl edilməsinə görə məsul olan şəxslər bu cür xəbərdarlıqlara əhəmiyyət vermirlər.
“Heydər Əliyev prospektində baş vermiş hadisəyə gəlincə, yaxınlığında insan və maşınların çoxluq təşkil etdiyi sökülən binanın ətrafında mütləq qoruyucu hasar çəkilməliydi. Bu halda insin itkisi də olmazdı. Belə hadisələr Bakının digər küçələrində də hər dəqiqə baş verə bilər, çünki görürük ki, tikinti və təmir işləri aparılan digər obyektlərdə də təhlükəsizlik vasitələrindən istifadə olunmur, onların yaxınlığında isə avtomobillər park edilir və insanlar keçir”, - deyə E.Axundova qeyd edib.
Yanvarın 26-da Heydər Əliyev prospektində sökülən beşmərtəbəli binanın uçması nəticəsində yaxınlıqda dayanmış avtomobildə olan iki gənc həlak olub.