Azərbaycan prezidenti İlham Əliyev respublikanın bütün məhkəmə instansiyalarının hakimlərinin aylıq maaşlarının artırılmasını nəzərdə tutan “Konstitusiya məhkəməsi haqqında" və “Məhkəmələr və hakimlər haqqında” qanunlara dəyişikliklərin tətbiqi haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Qanunvericiliyə müvafiq dəyişikliklər 27 dekabr 2013-cü il tarixində Milli Məclisin plenar iclasında qəbul olunub.
“Konstitusiya məhkəməsi haqqında" qanuna qəbul edilən düzəlişlərə əsasən, Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 1785 manatdan 2120 manata qədər qaldırılır (təxminən 19%). Qeyd olunan dəyişikliklər Konstitusiya Məhkəməsinin hakimlərinin də aylıq maaşlarının artırılmasını nəzərdə tutur.
“Məhkəmələr və hakimlər haqqında” qanuna qəbul edilən dəyişikliklərə əsasən, Azərbaycanın bütün məhkəmələrinin sədr və hakimlərinin maaşlarının artırılması nəzərdə tutulur.
Ali Məhkəmə sədrinin aylıq vəzifə maaşı 1785 manatdan 2070 manata qaldırılır (16%).
Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15%-i həcmində əlavə məbləğ ödəniləcək (45%-dən çox olmamaq şərtilə). Hakimlər tərəfindən təyin olunan keçmiş prokurorluq əməkdaşlarına prokurorluq orqanlarında hər beş il xidmətə görə də analoji nisbətdə əlavə maaş ödəniləcək.
Dəyişikliklər 2013-cü il dekabrın 1-dən qüvvəyə minib.