“VTB Bank” (Azerbaijan) ASC 2016-cı ilə qədər filialların sayını 26-ya çatdırmağı planlaşdırır. Bu barədə bankın məlumatında qeyd edilir.
“Biz 2014-cü ildə 10 yeni filial açmağı planlaşdırırıq, 2015-ci ildə isə onların sayı 26-ya çatdırılacaq. Beləliklə, biz üç il ərzində geniş filial şəbəkəsi olan bankların ТОР-siyahısına daxil olmaq niyyətindəyik. Bütün filiallar nəqliyyat baxımından müştərilər üçün maksimum əlverişli olan ərazilərdə yerləşəcək”, - deyə məlumatda bankın İdarə Heyətinin sədri Aleksandr Yeryominə istinadən bildirilir.
Hazırda Azərbaycanda “VTB Bank” (Azerbaijan) ASC-nin 4 filialı fəaliyyət göstərir.
Məlumatda vurğulanır ki, fevralın 6-da Bakının Xətai rayonunda bankın sayca beşinci filialının açılışı olacaq. Yeni filial “Əhmədli” metrostansiyasının çıxışında yerləşir.
Yeni filialda fiziki və hüquqi şəxslərə hər növ bank xidmətləri təqdim olunacaq. Xüsusilə müştərilərə depozitlərin yerləşdirilməsi, kreditləşmə üzrə xidmətlər, valyuta dəyişmə əməliyyatları, plastik kart və təcili pul köçürmə əməliyyatları üzrə xidmətlər göstəriləcək.
2009-cu ilin mart ayında Azərbaycan Mərkəzi Bankı “VTB Bank” (Azerbaijan) ASC-yə bank fəaliyyəti üçün lisenziya verib. Bankın səhmdarları strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.