Bağdadda baş vermiş partlayışlar nəticəsində ən azı 16 nəfər həlak olub. Bu barədə çərşənbə günü “Associated Press” agentliyi məlumat yayıb.
Partlayışlarda ən azı 35 nəfər yaralanıb.
Agentliyin məlumatına görə, İraqın Xarici İşlər Nazirliyinin binası yaxınlığında saxlanmış və partlayıcı qoyulmuş iki avtomobilin partlaması daha çox insan ölümünə səbəb olub. Bu terror aktı zamanı yeddi nəfərin öldüyü bildirilir.
Digər partlayış paytaxtdakı restoranlardan birinin yaxınlığında baş verib. Terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində ən azı beş nəfər həlak olub.
Daha sonra Bağdadın ticarət meydanlarından birində partlayıcı qoyulmuş daha bir avtomobilin partlaması dörd nəfərin ölümünə səbəb olub.
Qərb KİV-lərinin məlumatına görə, 2014-cü ilin əvvəlindən İraqda mindən çox adam terrorçuların qurbanı olub.