Azərbaycan Pakistandan «JF 17 Thunder» qırıcıları ala bilər. Bu barədə çərşənbə günü jurnalistlərə Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser məlumat verib.
“Azərbaycanın Pakistandan «JF 17 Thunder» döyüş təyyarələri almaq istəyi aydın şəkildə ifadə edilib. Biz bu məsələ ilə bağlı danışıqlar apara bilərik”, - deyə diplomat bildirib.
Onun sözlərinə görə, bu məsələnin uzanmasına siyasi, iqtisadi və texniki aspektlər səbəb ola bilər.
“Düşünürəm ki, bu il Azərbaycan və Pakistan hərbi idarələrinin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri həyata keçiriləcək. Tərəflərin müzakirə edəcəkləri bir sıra məsələlər var”, - deyə diplomat bildirib və qeyd edib ki, bu məsələdə iqtisadi amil mövcuddur.
“Misal üçün, ekspertlər layihənin maliyyələşdirilməsi məsələsini müzakirə etməlidirlər. Burada texniki aspekt də var. Əgər mən maşın alıramsa, yaxınlıqda mexanikin olub-olmamasını bilməliyəm. Ümumilikdə deyə bilərəm ki, əməkdaşlığımız və məqsədlərimiz aydındır. Əminəm ki, bu məsələ uğurla həll olunacaq”, - deyə X.U.Qayser əlavə edib.
O, həmçinin deyib ki, Azərbaycan-Pakistan birgə hərbi müəssisəsinin təsis olunması imkanları mövcuddur.