Azərbaycan rəhbərliyi ölkə gənclərinin inkişafına və gənclər siyasətinin həyata keçirilməsinə böyük diqqət ayırır. Bu barədə gənclər və idman naziri Azad Rəhimov 2 fevral – Gənclər Gününə həsr olunmuş tədbirdə bəyan edib.
“Ölkədə üç milyon nəfərə yaxın gəncin mənəvi və fiziki sağlamlığının təmin edilməsi, tərbiyəsi, qeyri-formal təhsil alması, ictimai həyatda fəal iştirakı, işlə təmin olunması, yaradıcılığına dəstək, ictimai fəallıq, beynəlxalq səviyyədə əməkdaşlıq məsələləri hər zaman dövlətin diqqət mərkəzindədir”, - deyə A.Rəhimov vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirildiyini bəyan edən prezident İlham Əliyev gənclərə əsas qiymətini verib.
Nazir gənclərin iştirakı ilə hazırlanmış və 2011-2015-ci illəri əhatə edən Dövlət Proqramının uğurla həyata keçirildiyini qeyd edib.
“Ölkədə dövlət başçısının fərmanları ilə Gənclər Fondu yaradılıb. Gənclər siyasətinin infrastrukturu yaradılır: 23 şəhər və rayonda Gənclər mərkəzləri və evləri inşa olunur. O cümlədən 14 rayonda belə obyektlərin inşasına başlanılıb”, - deyə A.Rəhimov vurğulayıb.
Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini və icra katibi Əli Əhmədov bəyan edib ki, Azərbaycan gəncləri dövlətin diqqəti və qayğısı ilə əhatə olunub. Hər bir gənc bu qayğı və dəstəyi hiss edir. Bu gün Azərbaycan dövləti gənc nəsil ilə fəxr edə bilər.
“Azərbaycanda yüksək intellektual səviyyəli, mədəni, vətənpərvər gənclər formalaşır. Onlar gələcəkdə ölkənin uğurlu inkişafı üçün səy göstərməyə hazırdırlar”, - deyə Ə.Əhmədov vurğulayıb.
Tədbirdə 2013-cü ildə müxtəlif sahələrdə nailiyyətlər əldə etmiş 25 gənc mükafatlandırılıb. Dövlət başçısının 1 fevral 2014-cü il tarixli sərəncamı ilə 6 gəncə elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində xüsusi xidmətlərinə görə prezident mükafatı verilib.
Tədbirdə Quba şəhəri 2014-cü ildə Azərbaycanın gənclər paytaxtı elan edilib.