Azərbaycan hökuməti ASK sektorunda müasir infrastrukturun yaradılmasına yönələn kompleks tədbirlər həyata keçirib. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çərşənbə günü Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda çıxışı zamanı bəyan edib.
“Yaradılmış pilot taxılçılıq təsərrüfatında ötən il rekord həcmdə - hər hektardan 55 sentner taxıl və 100 sentnerdən artıq yüksək keyfiyyətli qarğıdalı yığılıb. Hazırda Beyləqan, Hacıqabul, Cəlilabad və Xaçmaz rayonlarında da 5 iri fermer təsərrüfatının yaradılması işləri yekunlaşmaqdadır”, - deyə Ş.Mustafayev bildirib.
Ş.Mustafayevin çıxışının mətni cümə axşamı rəsmi mətbuatda dərc edilib.
Bundan başqa, 39 quşçuluq müəssisəsinin yaradılması məqsədilə 100 mln. manat məbləğində kredit verilib. Nəticədə quş əti istehsalı 97 min tona, sənaye quşçuluğunun istehsal gücü 100 min tona çatıb. “Görülmüş tədbirlər nəticəsində quş əti idxalı 73% azalıb”, - deyə o əlavə edib.
Nazir vurğulayıb ki, Azərbaycanda, həmçinin 20 min başlıq 16 cins heyvandarlıq kompleksi, illik gücü 175 min ton olan 7 süd, illik gücü 81 min ton olan 7 ət istehsalı müəssisəsinin açılışı olub.
Ş.Mustafayev əlavə edib ki, ölkədə son illərdə illik gücü 120 min ton olan 15 meyvə-tərəvəz emalı müəssisəsi fəaliyyətə başlayıb, 28 intensiv bağçılıq və üzümçülük təsərrüfatı, 30 müasir istixana kompleksi yaradılıb.
Nazir qeyd edib ki, kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə ümumi tutumu 203 min ton olan 40 logistik mərkəz və ümumi tutumu 342 min ton olan 21 taxıl anbarı kompleksi yaradılıb.