Vergilər Nazirliyi 2013-cü ildə 613 vergi ödəyicisi ilə partnyorluq sazişi imzalayıb. Bu barədə nazirliyin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin rəisi İlkin Vəliyev məlumat verib.
“2013-cü ildə Vergilər Nazirliyinə 791 vergi ödəyicisi tərəfindən partnyorluq sazişinin imzalanmasına dair müraciətlər daxil olub. 613 vergi ödəyicisi ilə bu cür sazişlər imzalanıb”, - deyə İ.Vəliyev cümə axşamı Bakıda keçirilən III Vergi Forumunda çıxışında bildirib.
Onun sözlərinə görə, 115 vergi ödəyicisinə bu cür sazişlərin imzalanmasından imtina edilib, çünki onlar bir sıra tələblərə cavab verməyiblər.
İ.Vəliyev vurğulayıb ki, partnyorluq sazişləri bir il müddətinə imzalanır.
“2013-cü ilin sonunda Vergilər Nazirliyi daha səmərəli vergi nəzarətinin təşkili məqəsədilə riskin qiymətləndirilməsi sisteminin tətbiqinə başlayıb. Bu sistemə əsasən, vergi ödəyicilərində vergi riskinin qiymətləndirilməsi üçün 11 meyardan istifadə edilir.
Xəbər verildiyi kimi, sazişin məqsədləri bunlardır: sahibkarlığa lüzumsuz müdaxilələrin qarşısını almaqla onun inkişafını stimullaşdırmaq; əməkdaşlığa, qarşılıqlı etibarlılığa və şəffaf münasibətlərə əsaslanan birgə fəaliyyəti təmin etmək; müasir idarəetmə alətləri tətbiq etməklə biznes subyektlərini vergi orqanlarının fəaliyyətinə cəlb etmək; vergilərin ödənilməsi ilə bağlı könüllü əməletmə səviyyəsinin artırılması istiqamətində partnyorluq etmək; ədalətli, çevik, effektiv və səmərəli vergi nəzarəti yaratmaq; vergi risklərini minimallaşdırmaq.
Sazişin bağlanılması zamanı ilkin olaraq vergi ili ərzində yaranmış vergi öhdəliklərini tam və vaxtında icra edən, alqı-satqı əməliyyatlarını nağdsız qaydada həyata keçirən vergi ödəyicilərinə üstünlük verilir.
Sazişin bağlanması üçün vergi ödəyicisi tərəfindən könüllülük prinsipi əsasında Vergilər Nazirliyinin “Vergi partnyorluğu sazişinin bağlanması üçün Ərizə” forması ilə vergi orqanına müraciət edilir, daxil olmuş müraciətə 15 gün müddətində baxılır.
Nazirlər Kabineti 2013-cü ilin iyul ayında “Vergi partnyorluğu sazişi”nin bağlanma forması və qaydalarını təsdiq edib.
2012-ci ilin dekabrında Vergi Məcəlləsinə düzəlişlər təsdiq edilib. Düzəlişlərin bir bəndinə əsasən, vergi orqanları və vergi ödəyiciləri arasında tərəfdaşlığa dair sazişin bağlanması mümkündür.