Ağdaş rayonunda yerləşən məktəbin gigiyenik vəziyyəti Yaponiya hökuməti tərəfindən ayrılmış qrant hesabına yaxşılaşdırılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Yaponiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Fevralın 7-də Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşinin iştirakı ilə layihənin başa çatmasına həsr olunmuş tədbir keçiriləcək.
Layihə Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində həyata keçirilib. 1,363 min şagirdin təhsil aldığı və 275 müəllimin dərs dediyi məktəbdə sanitariya qovşağı tikilib.
Layihənin dəyəri $121,950 min təşkil edir. Adıçəkilən proqram çərçivəsində Azərbaycanda mədəniyyət, təhsil, səhiyyə, ekologiya və kənd təsərrüfatı sahələrində ümumi məbləği $14,821,336 təşkil edən 179 layihə həyata keçirilib.