Azərbaycanın hüquq-mühafizə orqanları yaşayış binasının sökülməsi zamanı təhlükəsizlik qaydalarının pozulmasında ittiham olunan məsul şəxsləri həbs edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə günü Daxili İşlər Nazirliyindən məlumat verilib.
“Araz-2011A” MMC-nin direktoru Araz Həsənov və ekskavatorçu Qamət Məmmədovun “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbul qaydaları” və “Tikintidə təhlükəsizlik texnikası” norma və qaydalarının tələblərini pozmalarında əsaslı şübhələr olduğundan onlar təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nərimanov rayon Məhkəməsinin qərarı ilə 3 ay həbs qətimkan tədbiri seçilib. Bakı şəhər Prokurorluğunda iş üzrə istintaq tədbirləri davam etdirilir. Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb.
Yanvarın 25-də Nərimanov rayonunun Heydər Əliyev prospektində ağır texnikanın tətbiqi ilə binanın söküntü işləri həyata keçirilərkən uçqun baş verib: evin bir hissəsi yaxınlıqda olan "Mitsubishi Pajero" markalı avtomobilin üzərinə uçub. Nəticədə həmin vaxt maşında olan 1992-ci il təvəllüdlü Cavid Bayramlı və 1988-ci il təvəllüdlü Asiman Ələkbərov həlak olub. Bundan başqa, yol kənarında saxlanılmış daha 6 avtomobil qismən zədələnib.