Tanınmış azərbaycanlı skripkaçı Nəzrin Rəşidova fevral və mart aylarında Fransada və Böyük Britaniyada çıxış edəcək. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilib.
Belə ki, fevralın 24-də N.Rəşidova Fransanın Paris şəhərində Müqəddəs Rox Kilsəsində, ayın 26-da isə Londonda “St. John’s Smith Square” məkanında çıxış edəcək. Bu çıxışlar Xocalı faciəsi qurbanlarının xatirəsini anma münasibətilə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təşkil olunmuş mərasimdə baş tutacaq.
Martın 12-də Londonun “King’s Place” məkanında N.Rəşidovanın “Arzular” diskinin təqdimatı olacaq. Azərbaycanlı skripkaçının məşhur gitaraçı Stanislav Hvartçilkov ilə əməkdaşlığının debütü olan bu albomda XX əsr Azərbaycan mahnı klassiklərinin əsərləri toplanıb.