Azərbaycanda vergi yükü ÜDM-in 20-22%-ni təşkil edir. Bu barədə parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə cümə günü Bakıda keçirilən III Vergi Forumunda bəyan edib.
“Azərbaycanda vergi yükü ÜDM-in 20-22%-ni təşkil edir, bu isə digər ölkələrdə olan göstəricidən kifayət qədər aşağıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan hökuməti ÜDM-də payı 6% təşkil edən ASK sektoru üçün vergi güzəştləri tətbiq edir. Vergilər Nazirliyinin qiymətləndirmələrinə görə, son 10 il ərzində ASK sektoru üçün vergi güzəştlərinin həcmi 1,7 mlrd. manat təşkil edib”, - deyə Z.Səmədzadə bildirib.
Onun sözlərinə görə, Azərbaycan fəal vergi siyasəti həyata keçirməlidir. “Bu siyasət çərçivəsində vergi güzəştlərinin tətbiq edildiyi sahələrin siyahısına təkrar baxılmalıdır. Belə güzəştlər innovativ sektorlar üçün təqdim olunmalıdır”, - deyə o qeyd edib.
Z.Səmədzadə vurğulayıb ki, kölgə iqtisadiyyatının səviyyəsinin azalması dövlət büdcəsinə vergi daxilolmalarının əlavə mənbələri olmalıdır. “Bu, xüsusilə işçilərlə əmək müqavilələrinin bağlanması ilə bağlı problemlərin mövcud olduğu əmək bazarında münasibətlərə aiddir. Bu səbəbdən biz hər il yüz milyonlarla manat məbləğində vergi daxilolmaları itiririk”, - deyə o qeyd edib.
Komitə sədri əlavə edib ki, real sektorun dəstəklənməsində bankların rolunu gücləndirmək lazımdır. “Bu, həm də məhsulların emalı sahəsində yeni müəssisələr və iş yerləri yaratmağa imkan verəcək. Bu isə dövlət büdcəsinə daxilolmalar üçün əlavə mənbədir”, - deyə Z.Səmədzadə hesab edir.