Vergilər Nazirliyi Vergi Məcəlləsinin yeni redaksiyada işlənib hazırlanmasına ehtiyac görmür. Bu barədə vergilər naziri Fazil Məmmədov cümə günü brifinqdə bəyan edib.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nın həyata keçirilməsi çərçivəsində vergi qanunvericiliyinin təkmilləşdirilməsi planlaşdırılır. Bu məqsədlə qanunvericiliyə, o cümlədən Vergi Məcəlləsinə müəyyən dəyişikliklər ediləcək. Lakin biz Vergi Məcəlləsinin yeni redaksiyada işlənib hazırlanmasını məqsədəuyğun hesab etmirik”, - deyə F.Məmmədov “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Vergilər Nazirliyi vergi inzibatçılığının təkmilləşdirilməsinə yönəlmiş tədbirləri davam etdrəcək. “Bu məqsədlə artıq müəyyən qanunlar qəbul edilib, tədbirlər görülüb, bu siyasət gələcəkdə davam etdiriləcək. Vergi sistemi inkişaf etdikcə vergi inzibatçılığının təkmilləşdirilməsi normal haldır”, - deyə o əlavə edib.
Azərbaycanda Vergi Məcəlləsi 2000-ci ildə qəbul edilib və 2001-ci il yanvarın 1-dən qüvvəyə minib.