Almaniyanın Maqdeburq şəhərində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş avtomobil yürüşü təşkil olunub. Bu barədə bazar ertəsi Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat verir.
Aksiya Maqdeburqda fəaliyyət göstərən Zakhsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkil etdiyi Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində keçirilib.
Yürüş zamanı minik avtomobillərindən ibarət karvan Azərbaycan bayrağı, eləcə də “Ermənilər Qarabağdan çıxmalıdır!” “Xocalıya ədalət!” və s. şüarlar yazılmış plakatlarla 2 saat ərzində şəhərin küçələrində hərəkət edərək yerli sakinlərin marağına səbəb olub.
Aksiya müddətində Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi qəddarlıqlar, haqsızlıq və vəhşiliklər haqqında yerli sakinlərə məlumat verib və onların suallarını cavablandırıb.
Almaniyanın Berlin, Drezden, Bielfeld və digər şəhərlərində də Xocalı faciəsinə həsr olunmuş avtomobil yürüşü, mitinq və anım tədbirlərinin keçirilməsi nəzərdə tutulub.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.