Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyətinin Bağdada rəsmi səfəri çərçivəsində İraqın baş naziri Nuri Əl-Maliki ilə görüşündə qlobal terrorizm ilə mübarizədə beynəlxalq birliyin səylərinin səfərbər edilməsinin vacibliyi vurğulanıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı Azərbaycan və İraqın ikitərəfli münasibətlərinin inkişafı, müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticarət, enerji, təhsil sahələrində əməkdaşlıq perspektivləri və eləcə də iki ölkə arasında hökumətlərarası müştərək komissiyanın fəaliyyəti müzakirə edilib.
E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin süıh yolu ilə nizamlanamsına dair danışıqlarda Bakının haqlı mövqeyini və beynəlxalq təşkilatlar çərçivəsində dəstəklədiyinə görə İraq tərəfinə təşəkkürünü bildirib.
İraqın baş naziri, öz növbəsində ölkəsinin Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığa hazır olduğunu bildirib.
N.Əl-Maliki vurğulayıb ki, İraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, beynəlxalq birlik tərəfindən qəbul edilmiş və tanınmış Azərbaycanın ərazi bütövlüyünün pozulmasını təcavüz kimi qiymətləndirir və beynəxalq təşkilatların bu məsələyə dair qəbul etdiyi qərar və qətnamələrin həyata keçirilməsinin zərurətini qeyd edib.
E.Məmmədyarov İraqa səfər zamanı həmçinin xarici işlər naziri Xoşyar Zebayri ilə görüşüb.
Görüşün yekunlarına dair nazirlər "Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi haqqında Saziş" imzalayıblar.