2014-cü ilin yamvar ayında Milli Depozit Mərkəzi (MDM) nominal dəyəri 153 mln. 944,46 min manat olan səhmin əlavə emissiyası üzrə əqdlər qeydiyyata alıb, bu isə 2013-ci ilin analoji dövrünün göstəricisindən 15 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MDM-dən məlumat verilib.
Mərkəzin məlumatına görə, 2014-cü ilin yanvarında MDM-də səhmlərin əlavə emissiyası üzrə emitentlərin 120 əqdi qeydiyyata alınıb.
Hesabat ayında MDM qiymətli kağızların emitentləri ilə 3 müqavilə bağlayıb.
Yanvarda MDM tərəfindən nominal dəyəri 176 mln. 387,257 min manata bərabər olan 315 əqd qeydiyyata alınıb.
Bundan başqa, 2014-cü ilin yanvar ayı MDM nominal dəyəri 144,26 min manat olan qiymətli kağızlarla 19 birjadankənar əqd qeydiyyata alıb.
MDM 1997-ci ilin sentyabr ayında yaradılıb. 1999-cu ildə Mərkəz Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin balansına verilib. Bununla əlaqədar 1999-cu ilin sentyabrında MDM təkrar qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 1,4 mln. manat təşkil edir. MDM 1,2 minə yaxın emitentə xidmət göstərir.