Azərbaycanın mərkəzi regionunda Göyçay rayonunda yeni müasir ticarət mərkəzi və bazar inşa ediləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Tikinti kənd təsərrüfatı məhsullarının açıq havada pərakəndə satışının qarşısının alınması məqsədilə həyata keçirilir. Ticarət mərkəzi "Şirvan-1" MMC-nin sifarişi ilə Göyçay şəhərinin kənarında 2,5 hektar ərazidə tikilir.
İnşaat işlərinə 70-ə yaxın işçi qüvvəsi cəlb olunub. Geyim və məişət əşyaları, qida, kənd təsərrüfatı məhsulları üçün nəzərdə tutulmuş 80-100 tikintisi və piştaxtaların hazırlanması işləri bu ilin mayınadək başa çatdırılması planlaşdırılır.
Bundan başqa, məlumat verilir ki, ticarət mərkəzinin açılışı ilə əlaqədar 700-dən artıq yeni iş yeri yaradılacaq. O cümlədən, həmin bazarın ərazisində ətraf rayonlardan gətirilən kənd təsərrüfatı məhsullarının topdansatışı bazası da fəaliyyət göstərəcək. Xarici ölkələrdən müxtəlif növ əşyaların gətiriləcəyi gözlənilir.
Bununla yanaşı, "Göyçay-Avtonəqliyyat" ASC-nin ərazisində "AVA-N" MMC tərəfindən müasir bazar kompleksinin tikintisi planlaşdırılır. Bunun üçün 1 hektara yaxın ərazi ayrılmış, tikinti üçün layihə-smeta sənədləri hazırlanıb. 80 nəfərin müxtəlif növ kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olması üçün lazımi şərait yaradılacaq.