Bakı polisi dələduzluq yolu ilə 100 min manatdan artıq vəsaiti mənimsəyən paytaxt sakinini həbs edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü Baklı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Binəqədi rayon Polis İdarəsinin əməkdaşları keçirilən əməliyyat nəticəsində Azər Hüseynovu həbs ediblər. Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxs vətəndaş Elbrus Namazova oğlunun ali məktəblərdən birinə daxil olmasını təmin etməyi söz verərək ondan 100 min manat alıb. Lakin, şübhəli şəxs tezliklə qaçıb gizlənib, zərər çəkmiş E.Namazov isə polisə müraciət etməli olub.
Bundan başqa, əlavə istintaq zamanı məlum olub ki, A.Hüseynov həmçinin vətəndaş İlham Musayevi aldadıb. Şübhəli şəxs sahibkarın Çindən gətirdiyi televizorların gömrükdə rəsmiləşdirilməsini təşkil etməyi söz verərək İ.Musayevdən 15 min manat alıb.
Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi açılıb, istintaq davam edir.