Azərbaycan prezidenti İlham Əliyev Əlcəzairdə baş verən təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar bu ölkənin
prezidenti Əbdüləziz Buteflikaya başsağlığı verib.
“Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə sarsıtdı”, - deyə məktubda bildirilir.
Prezident İ.Əliyev öz və Azərbaycan xalqı adından bu faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, həmçinin bütün Əlcəzair xalqına dərin hüznlə başsağlığı verib.
Çərşənbə axşamı Umm-əl-Bavaki yaşayış məntəqəsi yaxınlığında Tamanrasset şəhərindən Konstantin bölgəsinə uçan “Gerkules S-130” tipli təyyarə qəzaya uğrayıb. Şahidlərin sözlərinə görə, təyyarə dağ zirvəsi ilə toqquşaraq yerə düşüb.
İlkin məlumatlara əsasən, qəzaya əlverişsiz hava şəraiti səbəb ola bilər.
Əvvəl KİV 103 nəfərin həlak olduğunu məlumat verib. Lakin, sonra aydınlaşıb ki, təyyarin içində 78 nəfər olub. Qəza nəticəsində yalnız bir sərnişin sağ qalıb.