2014-cü ildə Azərbaycan regionlarından dövlət büdcəsinə 578 mln. manat səviyyəsində vergi daxil olması planlaşdırılıb.Vergilər nazirinin müavini Sahir Məmmədxanov cümə axşamı mətbuat konfransında belə söyləyib.
“Son illər biz regionlardan dövlət büdcəsinə vergi daxilolmalarının əhəmiyyətli dərəcədə artmasını müşahidə edirik.Əgər 2004-cü ildə onların həcmi 42 mln. manat təşkil edirdisə, 2013-cü ildə bu göstərici artıq 539 mln. manat təşkil edib. 2014-cü ildə regionlardan dövlət büdcəsinə vergidaxilolmaları 578 mln. manat səviyyəsində planlaşdırılır”,- deyə S.Məmmədxanov bildirib.
Onun sözlərinə görə ümumilikdə , 2014-cü ildə Vergilər Nazirliyi xətti ilə dövlət büdcəsinə köçürmələr 7 mlrd. 102 mln. manat səviyyəsində müəyyənləşdirilib. “O cümldən, dövlət büdcəsinə qeyri-neft qaz sahələrindən vergidaxilolmaları 4,3 mlrd. manat və ya bütün daxilolmaların 60,5%-i səviyyəsində nəzərdə tutulub. 2013-cü ildə bu göstərici 56% təşkil edib”,- deyə o qeyd edib.
S.Məmmədxanov söyləyib ki, 2014-cü ilin yanvar-fevral aylarında vergi yığımları üzrə planın normal icra edilməsi müşahidə olunur. Onların həcmi plan tapşırığını üstələyir.
O əlavə edib ki, 2013-cü ildə vergi orqanları dövlət büdcəsinə 6,7 mlrd. manata yaxın vergi və rüsum ödəyiblər ki, bu da planın 104,1% yerinə yetirilməsi deməkdir.2012-ci illə müqayisədə vergi yığımları 10,6 % artıb.
“O cümlədən dövlət büdcəsinə qeyri neft -qaz sahəsindən daxilolmalar 2013-cü ildə 14,4 % artıb.Bununla yanaşı sənaye sahəsində fəaliyyət göstərən vergi ödəyicilərindən vergi ödənişlərinin artımı 20,6%, xidmət sahəsi üzrə artım 11%, ictimai iaşə üzrə artım 21,4%, maliyyə sektoru üzrə artım 72 % təşkil edib”,- deyə S.Məmmədxanov bildirb.
Onun sözlərinə görə, 2004-2013-cü illərdə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmaların həcmi 6,6 dəfə , o cümlədən özəl sektordan daxilolmalar 9,3 dəfə artıb.
“Bununla yanaşı Azərbaycanda vergiödəyicilərinin sayı bu dövrdə 2,5 dəfə çoxalıb”,- deyə nazir müavini əlavə edib.