Azərbaycanda 2015-ci ilə qədər ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 82,5 minə çatacaq. Bu barədə vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri, baş vergi xidməti müşaviri İlqar Əhmədov bəyan edib.
“Hazırda respublikada ticarət və xidmət obyektlərində 32 mindən artıq pos-terminal quraşdırılıb. Planımıza əsasən, 2014-cü ilin sonuna kimi bu cür obyektlərin sayı 82,5 minə qədər artırılacaq”, - deyə İ.Əhmədov cümə axşamı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan hökuməti nağdsız hesablaşmaların stimullaşdırılmasına yönələn təkliflər paketini müzakirə edir.