Cümə axşamı Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılış mərasimində iştirak edib. Bu barədə rəsmi mətbuat məlumat verib.
Heydər Əliyevin 2000-ci ildə imzaladığı Fərmanla yaranan Azərbaycan Milli Konservatoriyası müstəqillik dövründə fəaliyyətə başlayan ilk ali məktəblərdən biridir.
Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Səyavuş Kərimi prezidentə məlumat verib ki, binada tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Milli Konservatoriyanın kitabxanası zəruri ədəbiyyatla təchiz olunaraq tələbələrin istifadəsinə verilib.
O cümlədən, Konservatoriyada lazımi avadanlıqla təmin edilən sinif otaqları və idman zalı var.
Ali məktəbdə səkkiz kafedra fəaliyyət göstərir, 287 tələbə təhsil alır. Konservatoriyanın yeni binası 1 minə qədər tələbənin burada oxumasına imkan verir.
Prezident Konservatoriyanın müəllim heyəti, görkəmli mədəniyyət xadimləri ilə görüşüb.
Dövlət başçısı qeyd edib ki, son illərdə ölkədə mədəniyyətin inkişafı ilə bağlı bir çox mühüm tədbirlərin həyata keçirilib. Prezident İ.Əliyev qeyd edib ki, milli mənəvi dəyərlər üzərində bərqərar olan Azərbaycan dövləti milli musiqinin inkişafına da xüsusi diqqət göstərilir.
İ.Əliyev muğam sənətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi ilə əlaqədar görülən işləri təqdir edən dövlətimizin başçısı gənc istedadların üzə çıxarılması ilə bağlı muğam televiziya müsabiqələrinin əhəmiyyətini vurğulayıb. O, həmçinin gənclərdə mənəvi dəyərlərə bağlılığın möhkəmləndirilməsi istiqamətində yaşlı nəslin üzərinə müəyyən vəzifələrin düşdüyünü diqqətə çatdırıb.
Tədbirin sonunda prezidentə milli musiqi alətlərimiz olan tar və kamança hədiyyə olunub. Gənc musiqiçilərin ifasında muğam səslənib.