Maliyyə Nazirliyi respublikada fəaliyyət göstərən sığorta və təkrarsığorta şirkətləri üçün kapitala dair yeni tələbləri təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov məlumat verib.
Nazirliyin qərarına əsasən, 2015-ci il yanvarın 1-dən həyat sığortası ilə məşğul olan sığorta şirkətləri ən azı 6,5 mln. manat, 2016-cı il yanvarın 1-dək 8 mln. manat, 2017-ci il yanvarın 1-dək 10 mln. manat səviyyəsində məcmu kaptala malik olmalıdırlar.
Həyat sığortası ilə məşğul olmayan sığorta şirkətləri üçün kapitala dair minimal tələb 5 mln. manat səviyyəsində saxlanılır.
Bununla yanaşı, həyat sığortası üzrə xidmətlər göstərmək üçün lisenziya əldə etmək istəyən yeni şirkətlərin məcmu kapitalı şirkətin yarandığı vaxta 10 mln. manata, digər sığortaçılar üçün 5 mln. manata bərabər olmalıdır.
Fəaliyyət göstərən və yeni təkrarsığorta şirkətləri üçün kapitala dair tələblər 20 mln. manat təşkil edəcək (hazırda 10 mln. manatdır – İF-Az).
Bundan başqa, əgər sığorta şirkəti həm də təkrarsığorta fəaliyəti həyata keçirməyi planlaşdırırsa, 1 mart 2014-cü il tarixinə 2,5 mln. manat məbləğində kapitala (təkrarsığorta fəaliyyəti üçün – İF-Az) və 1 yanvar 2015-ci il tarixinə 5 mln. manat məbləğində kapitala malik olmalıdır.
Hazırda Azərbaycanda 28 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malikdir. Onlardan üçü həyat sığortası üzrə ixtisaslaşıb.