Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2014-cü ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə Azərbaycanda sahibkarlara 10,3 mln. manat məbləğində kredit verib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında deyilir.
2014-cü ilin əvvəlindən fondun vəsaitləri hesabına 365 investisiya layihəsi maliyyələşdirilib.
Bu layihələrin maliyyələşdirilməsi 800-dən çox yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda fondun icraçı direktoru Şirzad Abdullayevə istinadən bildirilir.
SKMF cümə axşamı İsmayıllı rayonunda "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. Tədbirdə Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 150-yə yaxın sahibkar iştirak edib.
İndiyədək SKMF-in xətti ilə Dağlılq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 1110 investisiya layihəsinin həyata keçirilməsi üçün 41,4 mln. manat məbləğində güzəştli kredit verilib.
Tədbir çərçivəsində 54 sahibkarlıq subyekti 535 min manat məbləğində güzəştli kredit alıb. Bu layihələrin maliyyələşdirilməsi 80-nə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2013-cü ildə fond sahibkarlara 275 mln. manat məbləğində güzəştli kredit verib.