Azərbaycanın nümayəndə heyəti fevralın 19-da Brüsseldə Avropa Parlamentində Mobil İmza (“ASAN imza”) xidmətinin təqdimatını keçirəcək. Bu barədə vergilər nazirinin müavini Sahir Məmmədxanov cümə axşamı mətbuat konfransında məlumat verib.
“Fevralın 19-da Brüsseldə Avropa Parlıamentində “ASAN imza” – “original Azərbaycan məhsulu”nun təqdimatını keçirəcəyik”, - deyə S.Məmmədxanov bildirib.
Onun sözlərinə görə, 2013-cü ildə 23 min nəfər “ASAN imza” əldə edib. Onun vasitəsilə həyata keçirilən əməliyyatların sayı 2 mln.-u ötüb.
“ASAN imza”nı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (“ASAN xidmət”) və Vergilər Nazirliyində almaq olar. “ASAN imza” mobil qurğular vasitəsilə elektron xidmətlərə çıxışı təmin edir.
Xəbər verildiyi kimi, 2013-cü il sentyabrın 1-dən Vergilər Nazirliyi “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” və “Elektron vergi hesab-fakturasının qəbulu” üzrə elektron xidmətləri yalnız “Asan imza” vasitəsilə həyata keçirir.