3-4 mart tarixində Belqradda Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının növbəti, sayca üçüncü iclası keçiriləcək. Bu barədə Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç “İnterfaks-Azərabaycan” agentliyində keçirilən mətbuat konfransında məlumat verib.
Səfir vurğulayıb ki, Azərbaycan ilə Serbiyanın ikitərəfli əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə çıxıb.
“2013-cü ildə Serbiya və Azərbaycanın ticari-iqtisadi əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə çıxıb. Bu əməkdaşlığıbn əsas prioritetləri tikinti, təhsil, turizm və infrastruktur sahələrində birgə layihələrdir”, - deyə o diplomat qeyd edib.
Səfir vurğulayıb ki, hazırda iki ölkə arasında hüquq-müqavilə bazası müxtəlif səviyyələrdə ikitərəfli qarşılıqlı əlaqənin çərçivələrini müəyyən edən 26 beynəlxalq sazişdən ibarətdir.
Həmçinin, hüquq-mühafizə orqanlarının məhdud peşəkar məzmun üzrə əməkdaşlıqdan tutmuş, elm və texnologiyalar sahəsində razılaşmalara qədər qarşılılqı əlaqənin müxtəlif sahələrini əhatə edən bir neçə layihə fəal müzakirə olunur.
Z.Vayoviç beynəlxalq arenada əməkdaşlığın səmərəli xarakterini vurğulayıb.
“Serbiya və Azərbaycan biri birini beynəlxalq arenada dəsdəkləyir. Ərazi bütövlüyü və dövlətlərin suverenliyi kimi beynəlxalq hüquq prinsiplərinin aliliyinin qəbuluna dair iki ölkənin prinsipial mövqeyi dəyişilməz olaraq qalır. Serbiya ilə Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bütün münaqişələr beynəlxalq hüquq normalarına müvafiq, beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında həll olunmalıdır”, - deyə səfir bildirib.
Səfir qeyd edib ki, Serbiya və Azərbaycanın qarşılıqlı diplomatik nümayəndəliklər açılandan ölkələr arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb. Əgər 2010-cu ildə ticarət dövriyyəsi bir neçə milyon avro səviyyəsində olubsa, 2012-ci və 2013-cü illərdə bu rəqəm 40 mln. avroya qədər artıb. Layihə-tikinti sahəsi, injinirinq, müxtəlif avadanlıq və materialların tədarükü və montajı, obyektlərin xarici və daxili təchizatı daxil olmaqla bu rəqəm 60 mln. avroya çatıb. İkitərəfli strateji iqtisadi sazişlər və infrastruktur layihələrdə, müdafiə sənayesində birgə işlər daxil olmaqla, müqavilələrin ümumi məbləği 450 mln. avronu ötür.
“Bu cür mühüm layihələrdən biri Mərkəzi Serbiya ərazisindən keçən ikitərəfli avtomobil yolunun bir hissəsi – uzunluğu 40 kilometr olan Liq-Prelina magistralının “Dəhliz 11” adlanan hissəsinin tikintisi layihəsidir. Layihənin baş podratçısı “AzVirt” şirkətidir. Azərbaycan bu ylun tikintisinə 308 mln. avro məbləğində kredit ayırıb. Bu kredit sazişindən başqa, digər reallaşdırılan layihələr də var”, - deyə Z.Vayoviç vurğulayıb.