Martın 1-dən fransalı diplomat Aleksis Şahtaxtinski ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi təyin olunub. Bu barədə ATƏT-in Bakı Layihə Əlaqələndiriciliyinin mətbuat xidmətindən məlumat verilib.
“Qarşılıqlı hörmət və etimad əsasında Azərbaycan hökuməti ilə inamlı işgüzar əlaqələrin qurulacağına ümid edirəm”, - deyə A.Şahtaxtinski qeyd edib.
Onun sözlərinə görə, diplomat yeni mandata uyğun olaraq Azərbaycan hökuməti, qeyri-hökumət təşkilatları, yerli hakimiyyət orqanları, universitetlər, elmi-tədqiqat institutları və vətəndaş cəmiyyəti təşkilatları ilə münasibətləri inkişaf etdirəcək.
“ATƏT-in özünəməxsus və hərtərəfli təhlükəsizlik konsepsiyasından tam istifadə edərək komandasının üzvləri ilə birlikdə ATƏT-in hər üç meyarı üzrə layihələrin icrası üçün təşkilatın prinsip və öhdəliklərini təşviq edəcəyik”, - deyə A.Şahtaxtinski bildirib.
ATƏT-in Daimi Şurasının 26 iyul 2013-cü il tarixli qərarına əsasən 1 yanvar 2014-cü il tarixindən etibarən ATƏT-in Bakı Ofisi ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusuna transformasiya olunub.
A.Şahtaxtinski son təyinatından əvvəl Fransa Xarici İşlər Nazirliyinin Siyasətin Planlaşdırılması Mərkəzində fəaliyyət göstərib və Fransanın Avropa məsələləri üzrə nazirinin xüsusi müşaviri vəzifəsində çalışıb.