“SOCAR Georgia Gas” şirkəti (SOCAR-ın törəmə şirkəti, Azərbaycan qazının Gürcüstana tədarükü ilə məşğul olur – İF-Az) 2009-cu ildən Gürcüstanda 188 mindən artıq abonenti qazla təmin edib. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
“2009-cu ildən “SOCAR Georgia Gas” Gürcüstanda 4 min kilometr uzunluğunda qaz xətləri çəkilib”, - deyə məlumatda qeyd olunur.
2014-cü ilin sonuna kimi “SOCAR Georgia Gas” Gürcüstanda daha 750 kilometr uzunluğunda qaz xətləri çəkməyi, 22 min abonenti qazla təmin etməyi planlaşdırır.
Məlumatda vurğulanır ki, cümə günü “SOCAR Georgia Gas” Karel rayonunun Dzlevicari kəndində yeni qaz şəbəkəsi istsimara verib. Kənddə 15 kilometr uzunluğunda yaradılan qaz paylayıcı şəbəkə 330 abonenti qazla təmin etməyə imkan verəcək.
“Ümumilikdə, hazırda Karel rayonunda 86 kilometr ümumi uzunluqda qaz şəbəkəsi çəkilib, 2768 abonent qazla təmin olunub. Şida Kartli diyarında 591 kilometr uzunluğu qaz kəmərləri çəkilib, 18315 abonent qazlaşdırılıb. 2014-cü ilin sonuna kimi bu şəbəkənin uzunluğu 127 kilometr artırılacaq, bu isə daha 1,5 min abonenti qazla təmin etməyə imkan yaradacaq”, - deyə məlumatda qeyd olunur.
2008-ci il dekabrın 26-da SOCAR və Gürcüstan hökuməti 23 regional qazpaylayıcı şirkətin, eləcə də bir sıra qaz təsərrüfatı və şəbəkələrinin «SOCAR Georgia Gas» MMC-nin idarəçiliyinə verilməsi haqqında müqavilə bağlayıblar.
Hazırda Azərbaycan Gürcüstana əsas təbii qaz tədarükçüsüdür. Qaz tədarükü SOCAR-ın yataqlarından hasil edilən qaz həcmlərindən həyata keçirilir. Bundan başqa, Gürcüstan “Şahdəniz” yatağından Cənubi Qafqaz qaz kəməri vasitəsilə sutkada 1 mln. kubmetr qaz alır.