2013-cü ildə Azərbaycanın İKT, rabitə və poçt sektoruna investisiyaların ümumi həcmi 202,2 mln. manat təşkil edib.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.
“2013-cü ildə İKT, poçt və rabitə sektoruna 202,2 mln. manat investisiya qoyulub ki, bu da Azərbaycan iqtisadiyyatına qoyulmuş investisiyaların 1,1%-ni təşkil edir”,- deyə nazirliyin nümayəndəsi qeyd edib.
Onun sözlərinə görə, hazırda “Yüksək texnologiyalar parkı” ərazisində infrastruktur və layihələşdirmə işlərinin aparılması üçün maraqlı olan şirkətlərlə müzakirələr aparılır.
RİTN nümayəndəsi qeyd edib ki, “Azəripoçt” MMC tərəfindən (Azərbaycanın milli poçt operatoru) 2014-cü ilin əvvəlinə 14,4 min manat plastik kart buraxılıb.MMC 2013-cü ildə 53 pos terminal və 2 bankomat quraşdırb.Beləliklə, “Azəripoçt” MMC-nin pos terminallarının sayı 109-a, bankomatlarının sayı 15-ə çatıb.
“Azəripoçt” Dövlət Müəssisəsi 1999-cu il sentyabrın 23-də yaradılıb, 2009-cu il avqustun 15-də o “Azəripoçt” MMC-yə çevrilib.2010-cu il aprelin 16-da Azərbaycan Mərkəzi Bankı MMC-yə bank maliyyə xidmətlərinin göstərilməsi üçün məhdudlaşdırılmış lisenziya verib.