İqtisadiyyat və Sənaye Nazirliyində Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda dövlət başçısının verdiyi tapşırıqların icrasına dair geniş müşavirə keçirilib.Bu barədə nazirliyin məlumatında bildirilir.
Müşavirədə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev infrastruktur layihələrinin icrası və sosial obyektlərin tikintisi prosesini sürətləndirməyi, əhalini keyfiyyətli kommunal xidmətlər ilə təmin olunmasını davam etdirməyi tapşırıb.
Sənaye potensialının artırılması barədə danışan nazir Sumqayıt və Balaxanı sənaye parklarında işlərin sürətləndirilməsi, həmçinin Gəncə, Sumqayıt və Mingəçevirdə texnoparkların təşkili, şəhər və rayonlarda sənaye məhəllələrinin yaradılmasının əhəmiyyətini qeyd edib.
Nazirliyin aidiyyəti qurumlarına yeni bazarlara çıxış imkanları dərindən təhlil etmək, iri taxılçılıq təsərrüfatlarının yaradılmasına diqqəti daha da artırmaq, ərzaq təhlükəsizliyini möhkəmləndirmək, fermer təsərrüfatlarının yaradılmasına dövlət dəstəyini istehlak bazarına nəzarəti gücləndirmək tapşırılıb.
Nazir məlumat verib ki, regionlarda və paytaxta yaxın ərazilərdə yeni logistik mərkəzlərin yaradılması planlaşdırılır.
Ş.Mustafayevin sözlərinə görə, yaxın zamanda aparılmış təhlillər və daxil olmuş təkliflər də nəzərə alınmaqla yeni dövlət proqramının hazırlanması üzərində iş başa çatacaq.
Nazir həmçinin vətəndaşların müraciət və şikayətlərinin daha diqqətlə öyrənilməsin vacibliyini qeyd edib və həlli üçün operativ tədbirlərin görülməsini tapşırıb.
Ş.Mustafayev müşavirəyə yekun vuraraq Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş Konfransda dövlət başçısının verdiyi tapşırıqların həyata keçirilməsi üçün konkret müddət və icraçılar göstərilməklə Tədbirlər Planının hazırlanmasını tapşırıb.