Qobustan rayon Mərkəzi xəstəxanasında bu gündən başlayaraq əhalinin tibbi müayinədən keçirilməsinə start verilib.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Müayinə zamanı nevropatoloq, kardioloq, terapevt, pediator və digər həkimlər vətəndaşları müayinə edib. Müayinə zamanı aşkar edilən xəstəliklərlə bağlı sakinlərin bir qrupu stasionar və ambulator müalicəyə cəlb olunub. Mərkəzi rayon Xəstəxanasının tədbirlər planına uyğun olaraq yerlərdə əhalini müayinə etmək üçün həkim briqadaları formalaşdırılıb.
Hər biri 5 həkimdən ibarət olan 3 səyyar briqada kəndlərə ezam olunaraq sakinləri müayinə edir.
Rayonda 1 kənd sahə xəstəxanası, 5 həkim, 8 tibb məntəqəsi Mərkəzi Rayon Xəstəxanası tərəfindən avadanlıq və dərman preparatları, tibbi ləvazimatlarla təchiz olunub.
Əhalinin tibbi müayinədən keçirilməsi üçün lazımı şərait yaradılıb. Gün ərzində mərkəzi rayon xəstəxanasının 11 şöbəsinə ümumilikdə müxtəlif yaş qruplarından olan 450 nəfər, səyyar briqadalara isə 150- dən artıq kənd sakini müraciət edib.