2013-cü ildə Azərbaycanda bankların Bakıda müştərilərin kreditləşdirilməsi üzrə portfeli 19,2% - 13 mlrd. 322 mln. 636,6 min manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
AMB-nin məlumatına görə, 2014-cü il yanvarın 1-nə Bakıda borcalanlara verilmiş kreditlərin həcmi bankların respublika üzrə bütün kredit qoyuluşlarının 86,4%-ni təşkil edir.
Cari ilin əvvəlinə Bakıda borcalanların müddəti ötmüş kreditlərinin həcmi 679 mln. 378,7 min manat və ya paytaxtda verilmiş bütün kreditlərin 5,1%-ni təşkil edib.
Ümumilikdə, Bakıda banklar tərəfindən kreditlər illik orta hesabla 13,3%, respublika üzrə isə 14,2% dərəcəsi ilə verilir.
2014-cü il yanvarın 1-nə Bakıda milli valyuta ilə verilmiş kreditlərin həcmi 9 mlrd. 464 mln. 266,9 min manat, xarici valyuta ilə verilmiş kreditlərin həcmi 3 mlrd. 858 mln. 369,7 min manat təşkil edir. Bununla yanaşı, milli valyuta ilə verilən kreditlər üzrə dərəcə orta hesabla 13,3%-ə, xarici valyuta ilə 13,4%-ə bərabərdir.
2014-cü ilin əvvəlinə Bakıda borcalanlara banklar tərəfindən ümumi məbləği 2 mlrd. 949 mln. 178,3 min manat olan qısamüddətli, 10 mlrd. 373 mln. 458,3 min manat məbləğində uzunmüddətli kreditlər verilib. Milli valyuta ilə uzunmüddətli kreditlər 12,7%, xarici valyuta ilə 12,8% dərəcəsi ilə verilir.
2013-cü ildə regionlarda bankların kreditləşmə üzrə portfeli 2 mlrd. 100 mln. 300,1 min manat (artım 35,8%) təşkil edib.
Kommersiya bankları aşağıdakı regionlarda hüquqi və fiziki şəxslərin kreditləşdirilməsinə üstünlük verir: Abşeron iqtisadi rayonunda 459 mln. 326,1 min manat (illik orta dərəcə 18,3%), Aran iqtisadi rayonunda 741 mln. 315,1 min manat (19,9%), Gəncə-Qazax iqtisadi rayonunda 268 mln. 579,2 min manat (20,7%), Lənkəran iqtisadi rayonunda 218 mln. 440,6 min manat (21,6%) həcmində kredit verilib.
Kreditləşdirmənin qalan həcmi respublikanın digər iqtisadi rayonlarının payına düşür.